REGİONLAR
Nazir müavini müvafiq qurumları fermerlərin EKTİS-də payızlıq əkinlərini bəyan etməsi prosesinə dəstək verməyə çağırıb VİDEO
Xaçmaz, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 2-də Xaçmaz, Quba, Şabran və Siyəzəndən olan fermerlər yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi görüşlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlanmasına həsr olunub.
Xaçmazda keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, rayon rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Xaçmazın kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin işini asanlaşdıran və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes proseslərini əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.
“Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan verəcək. Bəyan prosesi EKTİS-in tətbiqinin ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək”, - deyə nazir müavini söyləyib.
İlham Quliyev bildirib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək. Nazir müavini fermerləri payızlıq əkinləri bəyan etmə prosesində fəal olmağa və müvafiq qurumları bu prosesə hərtərəfli dəstək göstərməyə çağırıb.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanları və bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb.
Diqqətə çatdırılıb ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
Bundan əvvəl maarifləndirici görüşlər Kürdəmir, Ağsu və Şamaxı rayonlarında təşkil olunub.