İQTİSADİYYAT
Nazirlik: Qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir
Bakı, 16 dekabr, AZƏRTAC
Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya dekabrın 16-sı saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məlumat nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir. Nazirlik vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.
Vətəndaşlardan xahiş olunur ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar “www.cert.az” saytı və ya “[email protected]” e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.