İQTİSADİYYAT
Nazirlik: “Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95 faizi başa çatıb
Bakı, 28 fevral, AZƏRTAC
Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” ilə “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarına dair yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən olan üzvlərinin iştirakı ilə iclas keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda “Xudafərin” ilə “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib. Komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası strateji əhəmiyyət daşıyır. Ona görə də işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi vacibdir.
“Xudafərin” ilə “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi ilə bağlı işçi qrupunun gördüyü işlərə dair məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, “Xudafərin” su bəndinin inşası üzrə işlərin 95 faizi başa çatıb, “Qız Qalası” üzrə tikinti prosesinin isə gələn il tamamlanması gözlənilir.
Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir.