ELM VƏ TƏHSİL
“Neft, qaz, neft emalı və neft kimyası sənayeləri üçün reagentlər və məhsullar” kitabı çapdan çıxıb
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) əməkdaşlarının həmmüəllifi olduqları “Neft, qaz, neft emalı və neft kimyası sənayeləri üçün reagentlər və məhsullar” kitabı rus dilində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, “Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyada 1983-2015-ci illərdə NKPİ-də aparılmış, metalların korroziyadan inhibitor müdafiəsinə aid laborator tədqiqatların nəticələri ümumiləşdirilib, sintezin elmi əsaslarının yaradılması üzrə tədqiqatların nəticələri və antistatik aşqarların, parafin və duzçökmə inhibitorlarının, korroziya inhibitorlarının, bakterisid inhibitorlarının, ərphəlledici kompozisiyaların əldə edilməsinin sənaye prosesi texnologiyalarının işlənib hazırlanması təqdim olunub.
Monoqrafiya magistrant və doktorantlar, müvafiq sahələrdə çalışan mütəxəssislər tərəfindən istifadə oluna bilər.