İQTİSADİYYAT
Neftçala abadlıq-quruculuq işləri davam edir
Neftçala, 16 aprel (AZƏRTAC). Neftçala Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi üçün yeni inzibati binaların, Bayraq meydanı və Kür çayının sağ sahilində Bulvar kompleksinin tikintisi başa çatmışdır. Hazırda Heydər Əliyev prospektində yenidənqurma işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi çərçivəsində prospektin mərkəzində saat qülləsi inşa olunmuş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda müasir üslubda istinad divarları tikilir, səkilərə üzlük daş döşənir.
Rayon icra hakimiyyəti üçün iki hektar ərazidə inşa olunmuş dördmərtəbəli inzibati binanda 21 otaq, yeməkxana, akt və kompyuter zalları, kitabxana, Heydər Əliyev guşəsi və yardımçı otaqlar vardır. Bina qazanxana, transformator məntəqəsi, su anbarı ilə də təchiz edilmişdir. Üç fontan kompleksi və yaşıllıq zolaqları yeni binanın orijinallığını daha da artırır. İcra hakimiyyətinin yeni binası ilə üzbəüz 6,1 hektar ərazidə inşa olunmuş Heydər Əliyev Mərkəzində də tamamlanma işləri gedir. Zirzəmi və iki mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 6,6 min kvadratmetrdir.
Şəhidlər Xatirə Kompleksi də yeni tikililər sırasındadır. Kompleksdə Vətən uğrunda canından keçmiş neftçalalı şəhidlərin adları həkk olunan böyük mərmər lövhə quraşdırılmışdır.
Kür çayının sağ sahilində, Heydər Əliyev prospektinə bitişik, 2 hektarda ərazidə salınmış bulvar kompleksi sakinlərin əsil istirahət guşəsinə çevrilmişdir. Bulvarın gələcəkdə davamı və Kür çayının sağ və sol sahillərini birləşdirən körpünün tikintisi də nəzərdə tutulmuşdur.
Hazırda Heydər Əliyev prospekti və şəhərə giriş yolları genişləndirilir, dam örtüyü dəyişdirilmiş 20-dən çox yaşayış binasının fasad hissəsi müasir üslubda tikilir.