İQTİSADİYYAT
Neftçilər prospektində avtonəqliyyat vasitələrinin hərəkəti yenidən məhdudlaşdırılır VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində) yol cizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar, həmin prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azəravtoyol” baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrini tövsiyə edir.