İQTİSADİYYAT
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər
Bakı, 15 yanvar, AZƏRTAC
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər. İnstitutun əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” Fondunun hesabına 87 min 802 manat vəsait köçürülüb.
2020-ci il ərzində “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən COVID-19-la mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Dəstək Fonduna ümumilikdə 267 min manatdan çox vəsait köçürülüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.