İQTİSADİYYAT
Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” Fonduna 200 min manatdan çox vəsait köçürüblər
Bakı, 12 yanvar, AZƏRTAC
SOCAR-ın Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” Fonduna 200 min manatdan çox vəsait köçürüblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı, ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi “Neftqaztikinti” tresti də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olub. Trestin əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna trestin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində, 207 min 858 manat vəsait köçürüb.
2020-ci ildə COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Neftqaztikinti” trestinin işçiləri tərəfindən 63 min 511 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 282 min 247 manat məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, “Neftqaztikinti” trestinin 26 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi iştirakçısı olan hər bir işçinin iş yeri və əməkhaqqı tam saxlanılıb, onların ailə üzvlərinə maddi yardımlar edilib.