REGİONLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək
Bakı, 22 yanvar, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda yanvarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Ramin Quluzadə yanvarın 24-də saat 14:00-da Sumqayıt şəhərində bu şəhərin və Xızı rayonunun sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 14:00-da Xırdalan şəhərində Abşeron rayonunun sakinlərini qəbul edəcək. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, “1655” nömrəli Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün vətəndaşlardan Sumqayıtda (018) 642-35-00, Xızı rayonunda (023) 315-01-00, Abşeron rayonunda (012) 342-33-00 nömrəli telefona zəng etmələri xahiş edilir.