CƏMİYYƏT
Nərimanov və Nizami rayonlarında yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimələnib
Bakı, 6 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkarlanıb.
Həmin mağaza və köşklərin dörd satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib olunub. Satıcıların hər biri 100 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.