CƏMİYYƏT
Nəsimi rayonunda narkokuryerlərə qarşı keçirilən əməliyyatlar nəticəsində 14 nəfər saxlanılıb VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının son on gündə keçirdikləri əməliyyatlar nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan və üzərində qanunsuz odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, “Naqan” markalı tapança və 6 patron aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıblar. Elvin Məmmədovun üzərindən “Naqan” markalı tapança, 6 patron və külli miqdarda heroin aşkar olunub. Nail Bəkirovun üzərində axtarış aparılan zaman isə satış məqsədilə əldə etdiyi 1 kiloqrama yaxın heroin aşkarlanıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həmin dövrdə həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər tutulub. Onlardan külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri instaqramda tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslərdən bəzilərinin yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.