İDMAN
Neymar və Peredes iki, Kurzava isə altı oyunluq cəzalandırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Fransa Peşəkar Futbol Liqası ölkə çempionatının 3-cü turu çərçivəsində keçirilən “Paris Sen-Jermen” – “Marsel” oyununda baş verən dava ilə bağlı qərar verib.
AZƏRTAC Fransa futbol qurumunun saytına istinadla xəbər verir ki, İntizam Komitəsi Neymar və Leandro Paredesi iki, Layven Kurzavanı isə altı oyunluq cəzalandırıb. Həmçinin “Marsel” futbolçuları da, cəzasız ötüşməyiblər. Belə ki, Jordan Amavi üç, Dario Benedetto isə bir oyun buraxmalı olacaqlar.
Davaya yerli komandanın müdafiəçisi Leandro Paredesin rəqib futbolçuya qarşı kobud oyunu səbəb olub.
Baş hakim Jerom Brizar argentinalı oyunçuya, onun komanda yoldaşı L.Kurzavaya, həmçinin qonaqlardan Jordan Amavi və Dario Benedettoya qırmızı vərəqə göstərib. Sonradan Brizar “Paris Sen-Jemrme”nin hücumçusu Neymarı da meydandan qovub. Baş hakim VAR-a baxdıqdan sonra braziliyalı forvardın “Marsel”in müdafiəçisi Alvaro Qonsalesin boynunun arxasına yumruq zərbəsi endirdiyi üzə çıxıb. “Sambaçı” qırmızı vərəqə almasına etiraz edərək ispaniyalı oyunçunun ona qarşı irqçi ifadələr səsləndirdiyini bildirib.
Qeyd edək ki, görüş “Marsel”in qələbəsi ilə yekunlaşıb - 1:0.