ELM VƏ TƏHSİL
Nəzakət Əsgərova: Təhsil dövlətin strateji sahələrindən biridir
Bakı, 23 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edənlərin bilikli, yüksəkintellektli, psixoloji hazırlıqlı, geniş dünyagörüşlü olması ürəkaçandır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə komissiyasının sədri Nəzakət Əsgərova söyləyib.
O bildirib ki, təhsil dövlətin strateji sahələrindən biridir. Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir insan üçün həyat anadan doğulduğu gündən başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır”. Ona görə də Azərbaycana layiq gənclər yetişdirmək üçün biz çalışmalıyıq ki, məktəblərimizi layiqli kadrlarla təmin edək. Müəllim adına layiq ola biləcək, bu adı şərəflə daşıyacaq namizədləri seçək.
Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı yaradılıb.
Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilir.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.