Nəzrin Əliyeva: Milli dəyərlərimizi qoruyub saxlamaq gənclərin başlıca vəzifələrindəndir
AzerTAg.az

Bakı, 3 fevral, AZƏRTAC
Hər bir xalqın gələcəyə daha əmin addımlarla irəliləyə bilməsi üçün onun savadlı gənclərə ehtiyacı var. Məhz buna görə də hər bir ölkə üçün gənclərin düzgün formada yetişdirilməsi ən başlıca məsələdir. Öz ölkələrini layiqli şəkildə hər yerdə təmsil etmək, milli dəyərlərini, adət-ənənələrini, vətənpərvərlik hissini qoruyub saxlamaq və ən əsası onları davamlı olaraq gələcək nəsillərə ötürmək, indiki gənclərin ən başlıca vəzifələrindəndir. Hər bir gənc öz üzərində yalnız özünün gələcəyinin deyil, bütün xalqının və ölkəsinin gələcəyinin məsuliyyətini daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanlı Tələbə və Məzunlar Platforması” İctimai Birliyinin (ASAP) Almaniya üzrə nümayəndəsi Nəzrin Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri öz ölkəsinin daha da inkişaf etməsi üçün daim axtarışdadır. Nəticə isə göz qabağındadır. Azərbaycan gəncləri hər sahədə özlərini sübut etməyi çox yaxşı bacarırlar. Onlar idman, incəsənət, mədəniyyət və digər sahələrdə uğur qazanaraq Azərbaycanın adını hər zaman zirvələrə qaldırırlar. Qazandığımız tarixi Zəfərdə gənclərimizin misilsiz rolu olub.
Gənclərimiz birlik göstərərək həm ön cəbhədə düşmənə öz sözünü demiş, həm də arxa cəbhədə, sosial mediada Azərbaycanın haqq səsini dünyaya çatdırmışlar. Bu cür fəaliyyətlər, gənc nəslin vətənpərvər mühitdə böyüməsinə və bunu gələcək nəsillərə ötürməsinə töhfə verir. “Əlbəttə, bu işdə Azərbaycanda yaşayan gənclərlə yanaşı, xaricdə yaşayan gənclər də aktiv fəaliyyət göstərirlər. Təhsil almaq və ya təcrübə qazanmaq üçün xarici ölkələrə üz tutan gənclərimizin sayı heç də az deyil. Onlar fiziki cəhətdən uzaqda olsalar da, qəlbləri daim doğma vətənlə döyünür. Öz tarixi, unudulmaz günlərini, bayramlarını hər zaman birlik olaraq yad edib, keçirdirlər.
Xaricdə yaşayan azərbaycanlı gənclərin əcnəbi tələbələrlə də ünsiyyət quraraq, öz ölkəsini layiqincə tanıtmağa və məlumatlandırmağa çalışdığını söyləyən Nəzrin Əliyeva deyib: “Mən Almaniyada təhsil alan azərbaycanlı tələbə kimi deyə bilərəm ki, bu tipli fəaliyyətlərdə ölkəmi hər zaman layiqincə təmsil etmişəm və hər zaman Azərbaycan digər tələbələrin böyük marağına səbəb olub. ASAP ölkəmizlə bağlı tədbirlərin təşkilində yaxından iştirak edir. Prezident İlham Əliyevin ötən il fevralın 2-də Gənclər Gününün 25 illiyinə həsr olunan tədbirdə də qeyd etdiyi kimi, xarici universitetlərdən məzun olan azərbaycanlı gənclərin ölkəyə qayıdaraq daha keyfiyyətli insan kapitalının formalaşmasında və beynəlxalq təcrübələrin tətbiqində birbaşa rolu vardır. ASAP da öz növbəsində bu məqsədə çatmağı hədəf seçərək xarici universitetlərdən məzun olan azərbaycanlı gəncləri bir araya gətirən Məzun Birlikləri ilə sıx əməkdaşlıq edir.
Birliyin xarici ölkələrdə fəaliyyəti gənclər tərəfindən idarə edilən nümayəndəliklərin davamlı olan şəbəkəsi üzərində qurulub və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dəstəklənir.
Bu sahədə ASAP, xaricdə yaşayan tələbələri bir araya gətirmək üçün hər zaman çalışır. Öz əlamətdar və önəmli günlərimizin, forumların, informasiya xarakterli çıxışların sayəsində yeni əlaqələr yaranır və beləliklə, fərqli xarici ölkələrdə Azərbaycan tələbə birlikləri yaranır. Hədəf yalnız xaricdə təhsil alan tələbə və məzunlar deyil, bununla yanaşı xaricdə təhsilini davam etmək və ya gələcəkdə xaricdə təhsil almaq istəyən gənclərdir”.
Xəbərin mətnində orfoqrafik səhv var