DÜNYA
Niderlandda koronavirusla bağlı məhdudiyyətlərə etirazlar davam edir
Strasburq, 27 yanvar, AZƏRTAC
Niderlandın bir neçə şəhərində COVID-19 pandemiyası ilə əlaqədar qəbul olunmuş məhdudiyyətlərə qarşı etiraz nümayişləri davam edir.
AZƏRTAC Niderland mətbuatına istinadla xəbər verir ki, Amsterdam, Eyndhoven, Rotterdam və digər şəhərlərdə mağazaların vitrinləri sındırılıb. Polis tərəfindən 250 nümayişçi saxlanılıb.
Sosial şəbəkələrdə mağazaların qarət edilməsini, avtomobillərin, eləcə də COVID-19-un test mərkəzlərinin yandırılmasını əks etdirən videolar yayılıb.
Niderlandın Baş naziri Mark Rutte nümayişlər zamanı baş vermiş cinayət xarakterli zorakılıqları pisləyib.
Qeyd edək ki, koronavirusun ingilis ştammının ölkədə yayılmasının qarşısını almaq məqsədilə hökumət tərəfindən tətbiq edilən komendant saatı (axşam 21:00-dən səhər 04:30-dək) etiraz nümayişlərinə səbəb olub.
Niderlandda COVID-19 pandemiyası başlayandan bəri bu xəstəlikdən 13 min 600 ölüm faktı qeydə alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq