MƏDƏNİYYƏT
Nigeriyanın məşhur STV telekanalı Azərbaycan mətbəxi silsiləsindən növbəti verilişini təqdim edib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində Azərbaycan mətbəxindən nümunələr silsiləsindən növbəti təqdimat olub.
AZƏRTAC xəbər verir ki, Nigeriyada yaşayan həmyerlimiz Billurə Bayramova tamaşaçılara bu dəfə milli mətbəximizin ən ləziz təamlarından olan düşbərə və qutab barədə danışıb. O, aparıcıya düşbərə, ət və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edib.
B.Bayramova aparıcı Gina Ehikodiyə Azərbaycanın görməli yerləri ilə bağlı məlumat kitabı, broşürlər, musiqilərimizdən ibarət disk və milli yeməklərimizin hazırlanma qaydasından bəhs edən kitab hədiyyə edib.
Qeyd edək ki, məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişi şənbə günləri Nigeriyanın WAPTV, RAVE TV, TVC telekanalları ilə də canlı yayımlanır.