İDMAN
Nihat Məmmədli: Prezidentin güləşçiləri şəxsən təbrik etməsi bizim üçün unudulmaz an oldu
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycanda idmana həmişə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin böyük uğurlar qazanan idmançılarla görüşməsi, onları təbrik etməsi idmançılarda böyük ruh yüksəkliyi yaradır. Avropa çempionu olduqdan sonra dövlətimizin başçısının bizi qəbul etməsi və güləşçiləri şəxsən təbrik etməsi bizim üçün unudulmaz an oldu.
Bunu Bolqarıstanda keçirilmiş 23 yaşadək güləşçilər arasında Avropa çempionu adını qazanan Nihat Məmmədli Prezident İlham Əliyev ilə görüş barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib.
Gənc pəhləvan ölkəmizdə idmançıların uğurlu nəticələr qazana bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək deyib: “Azərbaycanda istər Bakıda, istərsə də bölgələrdə idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bütün bunlar Azərbaycan idmanının gələcəyinin uğurlu olacağını deməyə əsas verir. Azərbaycan idmançılarının təkcə güləşdə deyil, idmanın digər növləri üzrə gələcəkdə də mühüm nailiyyətlər qazanacaqlarına, ölkəmizi uğurla təmsil edəcəklərinə inanıram”.