SİYASƏT
“Nil Əl-Əxbar” kanalında Misir-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı veriliş yayımlanıb VİDEO
Qahirə, 4 aprel, AZƏRTAC
Azərbaycan ilə Misir arasında diplomatik münasibətlərinin yaradılmasının 25 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov “Nil Əl-Əxbar” kanalının “Şimala doğru istiqamət” proqramının qonağı olub.
E.Rəhimov ölkələrimiz arasında diplomatik münasibətlərin tarixinə toxunaraq, Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk ərəb ölkələrindən biri olduğunu deyib. O, 1992-ci ilin mart ayında iki ölkə arasında diplomatik münasibətlərin qurulduğunu, 1993-1994-cü illərdə səfirliklərin açıldığını, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Misirə tarixi səfərini, 2007-ci ildə Prezident İlham Əliyevin Misirə rəsmi səfərini qeyd edib.
Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 40-dan çox müqavilənin imzalandığını deyən E.Rəhimov cari ildə Misir-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının Qahirə şəhərində keçiriləcəyini və digər müvafiq sənədlərin imzalanacağını diqqətə çatdırıb.
E.Rəhimov, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayaraq, Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu, tarix boyu İslam həmrəyliyinə töhfə verdiyini deyib.
Eyni zamanda, E.Rəhimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb, bu il ölkəmizin XX əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımının 25 illiyini qeyd etdiyini tamaşaçıların diqqətinə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə