RƏSMİ SƏNƏDLƏR


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən başlanılan və gərginliyin artmasına, eləcə də insanların həlak olmasına səbəb olan bu münaqişəni kədər hissi ilə izləyirik.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, insanların həlak olması ilə əlaqədar başsağlığı verir və yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığımızı bildiririk. BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi qətnamələrə baxmayaraq, heç nə dəyişməyib. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs müqaviləsi imzalansa da, Azərbaycan vətəndaşları, o cümlədən qadınlar və uşaqlar hələ də erməni təcavüzünün qurbanı olurlar. Azərbaycanın mülki vətəndaşlarına və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mərkəzin katibliyi ilə birlikdə bu problemi bütün maraqlı tərəflərin diqqətinə çatdırmaq məqsədilə fəal şəkildə işləyir, müzakirələr və onlayn diskussiyalar təşkil edir, məqalələr yayır, müsahibələr verirlər.

Sizin rəhbərliyiniz, eləcə də Vayra Vike-Freyberqa və İsmayıl Serageldinin həmsədrliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq liderlik rolunu öz üzərinə götürməsinə görə minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik. Biz beynəlxalq təşkilat olaraq öz fəaliyyətimizdə Sizin davamlı dəstəyinizə ümid edirik.

Cənab Prezident,

Sizə olan rəğbətimizlə yanaşı, yüksək hörmət və ehtiramımızı da qəbul etməyinizi rica edirik.

Hörmətlə,

Əbdüləziz Osman Əl-Tuveycri
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru
 
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
 
Valdis Zatlers
2007-2011-ci illərdə Latviyanın Prezidenti
 
Ana Birçal
Rumıniyanın Baş Nazirinin sabiq müavini, sabiq Ədliyyə naziri və Avropa məsələləri üzrə sabiq nazir
 
Amina Qurib-Fakim
2015-2018-ci illərdə Mavriki Respublikasının Prezidenti
 
Buyar Nişani
2012-2017-ci illərdə Albaniyanın Prezidenti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin