CƏMİYYƏT
Nizami rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlanıb
Bakı, 10 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonundakı R.Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı müəssisəsində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında həmin müəssisədə monitorinq aparılıb və şikayət təsdiqini tapıb. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.
Monitorinq zamanı müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı, işçilərin fərdi mühafizə və gigiyenik geyimlərlə təmin olunmadığı məlum olub. Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları əməkdaşlara təqdim edilməyib. Aşkar olunmuş nöqsanlar əsasında müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.