DÜNYA
“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının buraxılacağını rəsmən təsdiq edib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, qurğu orijinal “Nokia 8”dən texniki xüsusiyyətlərinin daha da yaxşılaşdırılması ilə fərqlənəcək. Altı giqabaytlıq operativ yaddaşla təchiz ediləcək təkmilləşdirilmiş “Nokia 8” modelinin quraşdırılmış yaddaş tutumu 128 giqabaytadək artırılacaq. Smartfonun yalnız göy rəngdə buraxılması planlaşdırılır.
Bildirilir ki, “Nokia 8” oktyabrın 20-dən etibarən Avropada 669 avroya satışa çıxarılacaq ki, bu da 4 giqabaytlıq operativ yaddaşa malik adi versiyadan 90 avro bahadır. Modelin digər ölkələrdə satışa çıxarılması barədə məlumat verilmir.
Xatırladaq ki, “Nokia 8” səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessor, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Zeiss” optik şüşəsinə malik 13 meqapikselli qoşa kamera, 13 meqapikselli ön kamera və 3 090 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.