DÜNYA
Norveçdə vətəndaşlara tənəffüs orqanları üçün fərdi qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur
Stokholm, 15 avqust, AZƏRTAC
Norveç hökuməti vətəndaşlarına tənəffüs orqanlarının koronavirusdan qorunması üçün fərdi qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edir.
AZƏRTAC xəbər verir ki, Norveç Səhiyyə İdarəsinin məlumatında hazırda vətəndaşlara maskalardan istifadə olunmasının tövsiyə edildiyi bildirilir. Tövsiyə “müəyyən hallarda, bəzi coğrafi regionlarda və məhdud müddətə“ qeydi ilə təqdim edilib.
Daha əvvəl Norveçin Səhiyyə naziri Bent Xoye bildirmişdi ki, krallıqda ictimai nəqliyyatda maskalardan istifadə etmək tövsiyəsi təqdim oluna bilər, lakin ölkə son günlərədək buna riayət etməməyə çalışırdı. Amma son vaxtlar Norveçdə koronavirusa yoluxma hallarının sayı artıb. Təsdiq edilmiş halların sayının artımı bəzi əlavə tədbirlər görməyə hazırlaşan Norveç hökumətini narahat edir.
Norveçin Səhiyyə İdarəsi tərəfindən tənəffüs orqanlarının qorunması üçün fərdi qoruyucu vasitələrdən istifadə edilməsinin tövsiyə olunmasına baxmayaraq, hökumət vurğulayır ki, maska taxmaq sosial məsafə saxlamağı əvəz etmir. Sosial məsafəni qorumaq isə koronavirusdan müdafiə sahəsində hələ də ən səmərəli tədbir sayılır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm