İDMAN
Novak Cokoviç Rocer Federeri məğlub edərək Avstraliya açıq turnirinin finalına yüksəlib
Bakı, 30 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 30-da tennis üzrə Avstraliya açıq turnirində kişilərin yarışında yarımfinal mərhələsinin birinci oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, birinci yarımfinal görüşündə “Böyük dəbilqə” seriyası üzrə dünyanın ən titullu iki tennisçisi - isveçrəli Rocer Federer və serbiyalı Novak Cokoviç üz-üzə gəliblər. Görüş Novak Cokoviçin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (7:6, 6:4, 6:3). Bu qələbədən sonra serbiyalı tennisçi turnirin finalına yüksəlib.
Bu, hər iki tennisçi arasında 50-ci qarşılaşma olub. Onların 27-də serbiyalı, 23-də isə isveçrəli tennisçi qalib gəlib.
Yanvarın 31-də keçiriləcək ikinci yarımfinal görüşündə Aleksander Zverev (Almaniya) və Dominik Tim (Avstriya) qarşılaşacaqlar.
Turnirin final matçı fevralın 2-də oynanılacaq.
Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.