CƏMİYYƏT


Növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

Bakı, 30 mart, AZƏRTAC

Tovuz şəhərində növbəti “YAŞAT” idman düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 2-dək davam edəcək düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Layihənin media dəstəkçisi isə ASAN Radiodur.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, “TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.

Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edəcək. Məqsəd sözügedən region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.

İlk gündə açılış mərasiminin ardından iştirakçılar üçün stolüstü idman yarışları, “Turan Tovuz” futbol klubu ilə tanışlıq və əyləncə saatı təşkil olunub.

Ümumilikdə 4 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq. Həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.

Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.