İQTİSADİYYAT
Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15.9 milyard manat olacağı proqnozlaşdırılır
Bakı, 21 noyabr, AZƏRTAC
Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15.9 milyard manat, xarici investisiyaların 7.7 milyard manat, daxili investisiyaların 8.2 milyard manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6.4 milyard, qeyri-neft sektoruna isə 9.5 milyard manat investisiya yatırılacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, 2018-ci ildə dövlət investisiya xərcləri 4.9 milyard manat olmaqla, əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən dəmir yollarının, magistral avtomobil yollarının, rayonlararası və kənd yollarının təmir-tikintisi və yenidənqurulması işlərinin aparılmasına, içməli su və kanalizasiya, qazlaşdırma, meliorasiya və su təsərrüfatı, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək.
Həmçinin mühüm sosial əhəmiyyət kəsb edən və tikinti sektorunun inkişafına təkan verən ipoteka kreditləşməsi növbəti illərdə genişləndiriləcək, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikilməsi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcək. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 250 milyon manat nəzərdə tutulub.