REGİONLAR
Növbəti startap layihəsinin təqdimatı olub
Naxçıvan, 20 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Gənclər Mərkəzində ikinci startap layihəsinin –“DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Bildirib ki, bu gün Naxçıvanda gənclərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Gənclər Fondu “Səyyar dövlət qulluğu könüllülüyü layihəsi” çərçivəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal şəkildə əməkdaşlıq edir, könüllü gənclər üçün müxtəlif mövzularda təlimlər keçirir.
Komissiyanın sədri İsmayıl Qəribli qeyd edib ki, bu gün təqdimatı olan “DQMK.NMR.AZ” mobil tətbiqi ilə bağlı layihə muxtar respublikanın dövlət orqanları arasında ilk dəfə həyata keçirilən yeni bir layihədir. Vətəndaşlar mobil tətbiqini “Android” əməliyyat sistemi ilə işləyən mobil qurğular vasitəsilə yükləyə bilərlər. Tətbiqin yaradılmasında əsas məqsəd komissiyanın fəaliyyətinin daha geniş ictimaiyyətə çatdırılması, vətəndaşların elektron xidmətlərdən istifadəsinin asanlaşdırılması və çevikliyin təmin olunmasıdır. Gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.
Sonra mobil tətbiqin hazırlanması üçün elan olunmuş startap müsabiqəsinin qalibi, Naxçıvan Dövlət Universitetinin magistri Əziz Qasımov slayd vasitəsilə mobil tətbiq barədə geniş məlumat verib.
Bildirib ki, “DQMK.NMR.AZ” mobil tətbiqi iki hissədən – əsas və köməkçi səhifələrdən ibarətdir. Əsas səhifədəki “Xəbərlər və elanlar” bölməsində komissiya tərəfindən həyata keçirilmiş tədbirlər və müsabiqələr barədə məlumatlar yerləşdirilib. “Namizədlərin nəzərinə” bölməsində müsabiqə elanları, imtahan qrafikləri və nəticələri öz əksini tapır. “Əsas bölmələr” səhifəsi “Faydalı məlumatlar”, “Aktual keçidlər” və “Naxçıvanın turizm potensialı” yarımbölmələrindən ibarətdir. “Faydalı məlumatlar” yarımbölməsində test imtahanı və müsahibənin keçirilmə qaydaları, vakant vəzifələrin tutulma şərtləri, müəllimlərin işə qəbulu, qiymətləndirilmə bölmələri özünə yer alıb. “Aktual keçidlər” yarımbölməsində isə muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının portal və saytlarına keçid, normativ-hüquqi aktların əldə edilməsi üçün keçidlər, “Naxçıvanın turizm potensialı” yarımbölməsində muxtar respublikada olan tarixi abidələr, mehmanxanalar, muzeylər, restoran və kafelər barədə məlumatlar yerləşdirilib.
Əsas səhifədəki sonuncu bölmə “Startap layihələrinin qəbulu” adlanır. Bu bölmə vasitəsilə hər bir şəxs ideya, təklif və layihələrini komissiyada yaradılmış innovasiya və startapların dəstəklənməsi mərkəzinə onlayn olaraq göndərə bilər. Köməkçi səhifə isə “Elektron xidmətlər”, “Qanunvericilik”, “Mətbuat xidməti”, “Komissiya ilə əlaqə” və “Komissiya haqqında” bölmələrdən ibarətdir.
Sonda layihə rəhbəri Əziz Qasımov mükafatlandırılıb, yeni layihələrlə bağlı müzakirələr aparılıb.