SİYASƏT
Novruz bayramı İtaliyanın paytaxtı Romada qeyd olunmuşdur
Bakı, 21 mart (AZƏRTAC). Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin paytaxtı Roma şəhərində fəaliyyət göstərən “Nizami” Azərbaycan Mədəniyyəti Assosiasiyası martın 20-də Novruz bayramı münasibətilə ziyafət təşkil etmişdir. Romada yaşayan yüzədək soydaşımız, eləcə də onların ölkəmizlə maraqlanan italiyalı dostları ziyafətdə iştirak etmişdir.
Assosiasiyanın rəhbəri Aynur Əliyeva tədbiri açaraq, Novruzun xalqımızın ən qədim bayramlarından biri olduğunu qeyd etmiş, onun adət-ənənələrindən danışmışdır. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruz bayramının artıq beynəlxalq səviyyədə tanındığını vurğulamış, onun YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və BMT-nin Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi qərarı barədə qonaqları məlumatlandırmışdır.
Ziyafət iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə konsert təqdim edilmiş, Bakıdan İtaliyaya gəlmiş muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr ifa etmişlər.