ELM VƏ TƏHSİL
Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika fakültələrinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurlana Əliyeva bu bayramın tarixinin ən qədim dövrlərdən başlandığını və sülh, əmin-amanlıq rəmzi olduğunu bildirib. Rektor deyib: “Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Əsrlərin sınağından çıxmış Novruz bayramının hazırda dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti var”. Professor Nurlana Əliyeva gənclərin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşəcəklərinə inamımı ifadə edib, bayram münasibətilə xoş arzularını dilə gətirib.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva Novruz bayramı münasibətilə kollektivi təbrik ediblər.
Sonra qara zurnanın sədaları altında Kosa, Keçəl və Bahar qızının gəlişi, Kosa ilə Keçəlin deyişməsi bayram şənliyində xüsusi ab-hava yaradıb. Milli geyimli tələbələr tədbir iştirakçılarına bayram xonçası təqdim ediblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.