DÜNYA
Noyabr ayında ABŞ vaksinasiya olunmuş turistlər üçün Kanada və Meksika ilə quru sərhədlərini açacaq
Vaşinqton, 14 oktyabr, AZƏRTAC
Noyabr ayından etibarən Birləşmiş Ştatlar tam vaksinasiya olunmuş əcnəbi vətəndaşların bu ölkəyə turistlər kimi səfər etmələrinə və ya dostlarına və ailələrinə baş çəkmək üçün ABŞ-ın Kanada və Meksika ilə quru sərhədlərindən keçmələrinə icazə verəcək.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Bayden administrasiyasının nümayəndələri açıqlayıblar. Bu dəyişiklik 2020-ci ilin mart ayından bəri ilk dəfə olaraq əcnəbi turistlərin yerüstü nəqliyyatla və ya bərə limanları vasitəsilə ABŞ-a gəlmələrinə imkan verəcək. Hökumət nümayəndələri qaydaların dəyişəcəyi konkret tarixi hələ elan etməyiblər, lakin deyiblər ki, bu hadisə noyabrın əvvəlində, ölkədə beynəlxalq aviadaşımalar sisteminin yenilənməsi ilə eyni vaxtda baş verəcək.
Administrasiya nümayəndələri bildiriblər: “Bu mühüm addım beynəlxalq səfərlərin və amerikalıların təhlükəsizliyini daha da artıracaq”.
Oktyabrın 13-də dərc edilmiş yeni məlumata görə, ABŞ noyabrın əvvəlində beynəlxalq aviadaşımaların yeni sistemini tətbiq edəcək. Bu tədbir COVID-19-a qarşı ABŞ-ın Qida Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi və ya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilmiş vaksinlərlə peyvənd olunmuş əcnəbi səyahətçilərin bu ölkəyə gəlməsinə imkan verəcək.
ABŞ Sərhəd Xidməti səfərlər barəsində yeni tələblərə riayət olunmasına nəzarət edəcək və səyahətçilərin peyvənd olunmasını təsdiqləyən sənədləri seçmə üsulu ilə yoxlayacaqlar. Əcnəbi vətəndaşların bu ölkəyə gəlməsi üçün müvafiq sənədlər tələb olunacaq. Həmin şəxslər vaksinasiya olunmaları barədə sənədləri kağız və ya rəqəmsal formatda təqdim edə biləcəklər. Gözlənildiyinə görə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sərhədlərdə hansı sənədlərin qəbul ediləcəyi barədə yenilənmiş məlumatı yaxın günlərdə təqdim edəcək.
AZƏRTAC-ın Vaşinqton bürosu