REGİONLAR
Nuru paşa onun xahişi ilə Qafqaz İslam Ordusuna komandan təyin olundu - Şeyxzamanlılar nəslinin ata ocağından REPORTAJ VİDEO
Gəncə, 30 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan dövlətçiliyində, mədəniyyətində, maarifçiliyində, elmin inkişafında böyük rol oynayan sülalələrdən biri də Gəncənin məşhur Şeyxzamanovlar (Şeyxzamanlı) nəslidir. Şeyxzamanlıların iki nümayəndəsi Məmmədbağır bəy və Nağı bəy Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyi orqanı – Əksinqilabla Mübarizə Təşkilatının ilk qurucuları və ilk rəhbərləri olub, həm cümhuriyyət dövründə, həm də ondan əvvəl Azərbaycan üçün yorulmadan çalışıb, ömürlərinin sonunadək bu missiyaya sadiq qalıblar. İsrafil bəy Şeyxzamanlı isə İmamzadə türbəsinin idarəçiliyi ilə məşğul olduğu üçün onun ictimai-siyasi fəaliyyəti haqqında məlumat azdır, amma o da qardaşları kimi Milli İstiqlal mübarizlərindən olub.
Şeyxzamanlılar Gəncədə xüsusi mövqeyə sahib olublar. Bu nəslə ehtiram o qədər imiş ki, Gəncənin hakimləri əsrdən-əsrə, sülalədən-sülaləyə dəyişsə də, Şeyxzamanlıların Gəncədəki mövqeyi dəyişməz olaraq qalıb. Bir çox mənbələrdə Şeyxzamanovların Nizami Gəncəvinin nəslindən olduğu vurğulanır. Bildirilir ki, İmamzadə piri və ətrafdakı ərazilər bu nəslə məxsusdur.
AZƏRTAC-ın bölgə müxbiri Gəncədə Şeyxzamanlılar nəslinin ata-baba evində bu nəslin yadigarlarından olan İsrafil bəy Şeyxzamanlının nəvəsi Arifə xanımın xatirələrini dinləyib.
Arifə xanım 1918-ci ildə Nağı bəy Şeyxzamanlının təkidi və xahişi ilə Gəncəyə gələn Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın onların evində qaldığını, bu gündə həmin otaqda onun xatirəsinin qorunub saxlandığını deyib: “O vaxtkı hökumət bolşevik və erməni qırğınlarının qarşısını almağa kömək etmək üçün Nağı bəy Şeyxzamanlını Türkiyəyə göndərir. Nağı bəyin dünyagörüşünə, dərin biliyinə heyran qalan Türkiyənin müdafiə naziri Ənvər Paşa onu Azərbaycana yardım üçün yaradılan hərbi qüvvənin təşkilati məsələlərinə cəlb edir. Yardım üçün göndəriləcək hərbi qüvvələrə Nağı bəyin xahişi ilə Ənvər Paşanın qardaşı Nuru Paşa komandan təyin olunur. Nağı bəy Nuru Paşanı Türkiyədən Qafqaza göndərəndən sonra, onu Azərbaycanda qarşılamaq üçün Vətənə dönür. Gəncədə olduğu müddətdə Nuru Paşanın qaldığı Şeyxzamanlıların evi Azərbaycanın Milli İstiqlal davasının hərbi qərargahına çevrilir”.
1920-ci il aprelin 27-də Azərbaycanı işğal edən bolşeviklər ilk gündən həbslərə, qətliamlara başlayırlar. Onların Şeyxzamanlılar nəslindən ilk həbs etdikləri böyük qardaş Məmmədbağır bəy Şeyxzamanlı olur. İsrafil bəy Şeyxzamanlını elə İmamzadə pirindən aparırlar və bir daha ondan xəbər eşidilmir. Nağı bəy Şeyxzamanlı isə uzun müddət Türkiyədə, 1964-cü ildən sonra ABŞ-a övladlarının yanına gedərək orada mühacir həyatı yaşayıb. Ömrünün sonlarına yaxın Amerikada xəstələnir və Türkiyəyə qayıdır. O, 1967-ci ildə vəfat edir və İstanbulun Feriköy məzarlığında dəfn olunur.
“Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 90-cı illərdə bütün vətənsevər köklü nəsillər kimi Şeyxzamanlılar da təqiblərdən xilas oldu. Bizim soyadımız bərpa olundu və öz soykökümüzü açıq şəkildə ifadə edə bildik. Bu gün doğma ata-baba evimizdə həm Nuru Paşanın, həm də Şeyxzamanlılar nəslinin xatirələri qorunub saxlanılır. Bu ev “iki dövlət, bir millət” ifadəsini ən gözəl şəkildə nümayiş etdirir”, - deyə Arifə Şeyxzamanlı bildirib.
Qeyd edək ki, Nuru Paşanın yaşadığı bu ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulub.