İQTİSADİYYAT
OPEC-in baş katibi: Rusiya ilə OPEC+ formatında əməkdaşlıq zəruridir
Qahirə, 1 avqust, AZƏRTAC
Bu gün rəsmən vəzifəsinin icrasına başlayan Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais Küveytin “Al Rai” qəzetində müsahibəsində bildirib ki, Rusiya ilə OPEC+ formatında əməkdaşlıq və Moskvanın bu alyansa üzvlüyü qlobal neft bazarında sabitlik baxımından zəruridir.
AZƏRTAC xəbər verir ki, OPEC-in baş katibi rəhbərlik etdiyi təşkilatın dünyanın enerji xəritəsində mühüm və vacib aktor olan Rusiya ilə rəqabət aparmadığını diqqətə çatdırıb.
Al-Ğais baş katib qismində avqustun 3-də OPEC-in ilk iclasında sədrlik edəcək. Təşkilata üzv ölkələr sentyabrda da neft hasilatını sabit saxlamaq barədə qərar qəbul etsələr də, ABŞ onlara istehsalın artırılması çağırışı ilə müraciət edib. Bununla bağlı təşkilatın baş katibi deyib: “OPEC qlobal bazarda neftin qiymətlərinə nəzarət etmir, lakin tələb və hasilat arasında tarazlığı təmin etməyə çalışır. Düşünürəm ki, qlobal bazarda vəziyyət hələ də kövrək və qeyri-sabitdir. Onu da əlavə edim ki, xam neftin qiymətlərinin artmasının əsas səbəbi təkcə Rusiya-Ukrayna müharibəsi deyil. Müəyyən bir müddətdə bəzi ölkələrin hasilatı kəskin azaltması və neft sektoruna investisiyaların həcminin minimuma enməsi də bu artımda böyük rol oynayıb”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə