ELM VƏ TƏHSİL
ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ QƏBUL OLUNANLARIN SİYAHISI “ABİTURİYENT” JURNALININ XÜSUSİ BURAXILIŞINDA DƏRC EDİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, 2003�4-cü tədris ili üçün respublikanın orta ixtisas məktəblərinə qəbul olunanların siyahısı sentyabrın 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir. Texnikumlara müxtəlif ixtisaslar üzrə 4131 nəfər qəbul olunmuşdur. Təhsil formasından (əyani, qiyabi, axşam) asılı olmayaraq qəbul olunan abituriyentlər sentyabrın 11-dən 15-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK-nın texnikumlara göndərdiyi qəbul olunanların siyahısında imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməyən abituriyentlər texnikuma qəbul olunanlar sırasından xaric ediləcəklər.
Orta ixtisas məktəblərinə qəbul olunmayan abituriyentlər sənədlərini bilavasitə təqdim etdikləri Sənəd Qəbulu Komissiyalarından öz imtahan nəticələri haqqında məlumat ala bilərlər. Arayışda hər bir imtahan fənnindən etalon cavabları, abituriyentin fənlər üzrə düzgün cavabları, nisbi balları, həmçinin seçdiyi ixtisasların aid olduğu altqruplar üzrə topladığı ballar və həmin ixtisaslar üzrə minimum keçid balları haqqında məlumatlar göstərilmişdir. Arayışlar abituriyentlərə pulsuz verilir.