İQTİSADİYYAT
ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
İclasın iştirakçıları görkəmli siyasətçi, xalqımızın xilaskar oğlu Prezident Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elman Allahverdiyev ötən ilin yekunları barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, böyük aqrar rayonu olan Bərdədə ötən il 70,751 ton dənli bitkilər istehsal olunmuş, əvvəlki ilə nisbətən taxıl 4,4 faiz, tərəvəz 31,6 faiz, kartof 55,4 faiz, bostan məhsulları 52 faiz, günəbaxan 1,6 dəfə artmışdır. Həmin müddətdə 21,3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,3 milyard manat çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 161,7 milyard manat təşkil etmişdir.
İclasda bildirilmişdir ki, ölkəmizin Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanına uyğun olaraq müvafiq Proqram hazırlanmışdır. Prezidentin təsdiq etdiyi başqa bir sənədə - Regionların İnkişafı üzrə Dövlət Proqramına əsasən, rayonda pambıqçılığın, taxılçılığın, meyvə-tərəvəz istehsalının inkişaf etdirilməsi, heyvandarlıq və quşçuluq məhsulları, konserv və yüngül sənaye məhsulları istehsalının artırılması nəzərdə tutulmuşdur. Sahibkarlığın inkişafı yeni istehsal sahələrinin yaradılmasına təkan vermişdir. Hazırda rayonda 30 mindən çox sahibkar fəaliyyət göstərir. Son vaxtlar sahibkarlığın inkişafı sayəsində 50 min nəfərdən artıq adam işlə təmin olunmuşdur.
Şura iclasında, qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanlardan, qarşıda duran vəzifələrdən də geniş söhbət açılmışdır.