İQTİSADİYYAT
ÖZƏL MÜƏSSİSƏLƏR “AVRASİYA” FONDUNDAN YARDIM ALACAQLAR
“Avrasiya” fondunun büdcəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtondakı iqamətğahında təsdiq edildikdən sonra, yanvarın axırından etibarən fondun Azərbaycandakı nümayəndəliyi özəl sahibkarlıq lahiyələrinin maliyyələşdirilməsinə yenidən başlayacaqdır.
Fondun Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, onun rəhbəri xanım Marqaret Skayer bu məqsədlə Birləşmiş Ştatların paytaxtına getmişdir. O, ayrı-ayrı özəl müəssisələrin ən yaxşı layihələrini ekspertlərin müzakirəsinə təqdim edəcəkdir. İndiyədək fonda 30-a yaxın layihə daxil olmuşdur. Onların maliyyələşdirilməsi üçün nəzərdə tutulan maksimum məbləğ isə 35 min dollar təşkil edəcəkdir.
“Avrasiya” fondu ölkənin ən iri bölgələrində nümayəndəliklər yaratmaq vasitəsilə öz fəaliyyətini genişləndirməyi də nəzərdə tutur.
Xatırladaq ki, son illər fond 2 milyon 276 min dollar vəsait ayırmışdır.