CƏMİYYƏT
Oğuz rayonunda təbiətə zərər vuranlara qarşı tədbirlər davam etdirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Oğuz rayonunda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb. Bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub. Onlardan 12-si meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulması, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsi, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsi və ya məhv edilməsi, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.
Noyabrın 20-də keçirilən növbəti belə tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 sakinə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub.
Eləcə də Oğuz RPŞ tərəfindən Cinayət Məcəlləsinin qanunsuz ağac kəsmə maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.
Qanunvericiliyin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan tələblərinin pozulması hallarına qarşı müvafiq tədbirlər davam etdirilir.