REGİONLAR
Oğuzda görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyi qeyd edilib
Oğuz, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
İyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbi irsimizə, mədəniyyətimizə əvəzsiz töhfələr verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən “Onu kim unudar” adlı tədbirdə səsləndirilib.
İştirakçılar əvvəlcə ölməz sənətkarın həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olublar.
Tədbir Bülbülün ifasında sözləri Cəfər Cabbarlıya aid olan “Ölkəm” romansının səsləndirilməsi ilə başlanıb.
Sonra Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatındakı, mədəniyyətindəki müstəsna xidmətlərindən söz açılıb. Çıxış edənlər XX əsrin əvvəllərində Azərbaycan teatrının, dramaturgiyasının inkişafının Cəfər Cabbarlının çoxcəhətli yaradıcılıq fəalyyəti ilə qırılmaz surətdə bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, ədəbi yaradıcılığa erkən yaşlarından başlayan görkəmli sənətkar sonralar tamaşaya qoyulmuş pyesləri ilə böyük şöhrət qazanıb.
Tədbirin sonunda dramaturqun “Solğun çiçəklər” əsəri əsasında səhnələşdirilmiş tamaşadan parçalar göstərilib.