İQTİSADİYYAT
Oktyabrda Azərbaycanda türk iş adamları ilə müxtəlif sahələrdə görüşlər keçiriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə İxracatçılar Məclisinin (TİM) nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, TİM-in baş katibinin müavini Yiğit Tufan Eser təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, eləcə də iki qurum arasında əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Tural Hacılı ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində qurumun fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə Azərbaycanda və Türkiyədə biznesin inkişafı üçün həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin cari ilin oktyabr ayında təşkil olunması nəzərdə tutulan Azərbaycana ixrac missiyası çərçivəsində türk iş adamları ilə müxtəlif sahələrdə görüşlərin keçirilməsi təklifləri müzakirə olunub.