İDMAN


Oktyabrda Bakıda təşkil olunacaq Ədalətli Oyunlar Konqresinə hazırlıq yüksək qiymətləndirilib

Oktyabrda Bakıda təşkil olunacaq Ədalətli Oyunlar Konqresinə hazırlıq yüksək qiymətləndirilib

Bakı, 1 may, Səxavət Quliyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, cari il oktyabrın 7-11-də Bakıda Avropa və Dünya Ədalətli Oyunlar Hərəkatlarının birgə Konqresi və mükafatlandırma mərasimi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkili ilə əlaqədar mayın 1-də Avropa və Dünya Ədalətli Oyunlar Hərəkatlarının nümayəndələrinin yerli Təşkilat Komitəsinin üzvləri ilə görüşü keçirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmiz böyük idman tədbiri – ilk Avropa Oyunları ərəfəsindədir. Qırx iki gündən sonra bütün Avropanın diqqəti ölkəmizə yönələcək və paytaxtımız möhtəşəm yarışa ev sahibliyi etməklə öz qapılarını əcnəbi qonaqların üzünə açacaq.

Xəzər İsayev deyib: “Biz Ədalətli Oyunlar Konqresi və mükafatlandırma mərasiminə ciddi hazırlaşırıq. Çox sevindirici haldır ki, paytaxtımız iki böyük qurumun ilk dəfə birgə təşkil edəcəyi konqresə ev sahibliyi edəcək. Əvvəllər olduğu kimi, bu dəfə də konqresi yüksək səviyyədə təşkil edib beynəlxalq qurumların bizə olan etimadını doğruldacağıq.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer tədbirin ilk elanının beynəlxalq qurumlara, universitetlərə və müvafiq dairələrə göndərildiyini diqqətə çatdırıb. Bildirib ki, “Bakı-2015” ilk Avropa Oyunlarından sonra ikinci elanın göndərilməsi nəzərdə tutulub. İkinci elan daha ətraflı olacaq, həmçinin burada çıxışçıların adları və mövzuları, təqdimatların məzmunu yer alacaq. Əslində bu tədbirin xatırlatma mərhələsi olacaq.

Tədbirdə qeyd olunub ki, artıq konqresin ilk iş qrafiki müəyyənləşib və sessiyalar haqqında müəyyən qərarlar qəbul olunub. Tədbirin əsas mövzusu 4 alt mövzuya bölündükdən sonra sessiyalar 1 beynəlxalq və 1 yerli mütəxəssis olmaqla öz işini davam etdirəcək. Təklif və qərarlar çıxışın sonunda mütəxəssislərə təqdim olunacaq. Mütəxəssislərin çıxışlarının əvvəlcədən Təşkilat Komitəsinə göndərilməsi və bunun ətrafında fikir mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Həmçinin konqresin yeni saytının yaradılması, tədbir iştirakçılarının yerləşdirilməsi və viza qaydaları haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində olacaq, onlara irimiqyaslı yarışa hazırlıqla bağlı ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.