İQTİSADİYYAT
Oktyabrda OPEC-in neft istehsalı artıb
Bakı, 14 noyabr, AZƏRTAC
Oktyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı sentyabr ayı ilə müqayisədə 943 min barrel artaraq gündəlik 29 milyon 650 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,8 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 1 milyon 94 min barrel artaraq 9 milyon 890 min barrel olub. Venesuelanın sutkalıq hasilatı 42 min barrel çoxalaraq 687 min barrelə çatıb. BƏƏ-də isə neft istehsalı 23 min barrel artaraq sutkada 3 milyon 106 min barrelə yüksəlib.
Oktyabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Ekvador, Anqola və İraqda azalıb. Ekvadorun gündəlik hasilatı 100 min barrel azalaraq 448 min barrelə düşüb. Anqolada istehsal 843 min barrel geriləyərək sutkada 1 milyon 356 min barrel təşkil edib. İraqda isə hasilat 42 min barrel azalaraq 4 milyon 690 min barrel təşkil edib.
Ötən ay dünyada 26 qazma qurğusu fəaliyyətini dayandırıb. Beləliklə də ümumilikdə qurğuların sayı 2 min 273 olub. Həmin qurğuların 578-i OPEC-ə üzv ölkələrdədir.