İDMAN
Olimpiya çempionu: Milli Gimnastika Arenası yarışların keçirilməsi üçün möhtəşəm yerdir
Bakı, 13 mart, AZƏRTAC
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında gərgin mübarizənin şahidi olacağıq.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri “London 2012” Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, Niderland gimnastı Epke Zonderland deyib.
Gimnast bildirib ki, dünya kuboku yarışlarına kifayət qədər yaxşı hazırlaşmışam. Bu yarış nəticəsində Olimpiya Oyunlarına vəsiqə qazana bilərik. Hesab edirəm ki, mən turnik üzərində hərəkətlərdə qızıl mükafat qazana biləcək gimnastlardan biriyəm.
E.Zonderland qeyd edib ki, rəqabət çox yüksəkdir. Çünki hər kəs Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyir. Bakıya məşhur gimnastlar, dünya və Avropa çempionları toplaşıb. Yarışın keçirildiyi yer də möhtəşəmdir.
Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışları keçiriləcək. Dördgünlük turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparacaq.