CƏMİYYƏT
“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində növbəti tədbir 20 nömrəli məktəbdə keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində “Avropa Gənclərinin Yay Olimpiya Festivalına 100 gün qalır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları Nazim Hüseynov, Zemfira Meftaxətdinova, Namiq Abdullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İspaniyanın Azərbaycandakı səfirliyinin və festivalın təşkilat komitəsinin nümayəndələri, 20 nömrəli məktəb-liseyin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan və İspaniya xalqlarının dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxıblar.
Sonra İspaniya mədəniyyətinin və milli mətbəxinin nümunələri təqdim olunub.
Məktəbin direktoru Səadət Veysova çıxış edərək belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında önəmini qeyd edib. İspaniya xalqının, mədəniyyətinin və incəsənətinin ölkəmizdə çox sevildiyini vurğulayan direktor bildirib ki, tədbirin məqsədi şagirdlərin bu ölkənin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır. S.Veysova ölkəmizdə keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına marağın böyük olduğunu vurğulayaraq bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Sonra məktəbin şagirdləri Azərbaycan-İspaniya dostluğuna aid tamaşalar göstəriblər.
Tədbirdə Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramına daxil olan gimnastika, güləş, boks idman növləri üzrə ustad dərsləri keçirilib.
Olimpiya çempionları Zemfira Meftaxətdinova və Namiq Abdullayev Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər turnirlər ölkəmizdə yeniyetmə və gənclərin idmana marağının artmasında mühüm rol oynayır. Olimpiya çempionları bu baxımdan iyulun 21-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmini xüsusi vurğulayıblar.
“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.