İDMAN


Olimpiya mükafatçısı Rafael Ağayev: Bu uğur təkcə mənim yox, bütün Azərbaycan xalqınındır VİDEO

Bakı, 9 avqust, AZƏRTAC

Bu uğur təkcə mənim yox, bütün Azərbaycan xalqınındır. Tokioya Olimpiya Oyunlarının qızıl medalını qazanmaq üçün getmişdim. Amma qismət Allahdan. Bu günümüzə də şükür olsun. Bundan da pis ola bilərdi, hətta Vətənə medalsız qayıda bilərdim.

AZƏRTAC xəbər verir ki, bunu Tokio Olimpiadasında gümüş medal qazanan Azərbaycan karateçisi Rəfael Ağayev avqustun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində jurnalistlərə müsahibəsində deyib.

R.Ağayev bildirib ki, karate ilk dəfə idi Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiadada karate yarışlarının keçirilməsi hələ dəqiqləşməyib. Tokioda Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosun bununla bağlı mətbuat konfransı oldu. O, “Paris-2024”də karate yarışlarının keçirilməsi üçün böyük addımlar atılacağını qeyd etdi. İnşallah, orada da çıxış etmək istəyirəm. Üç ay sonra dünya çempionatı baş tutacaq. Özümü yaxşı hiss edirəm. Dünya çempionatında mübarizə aparacağam.

Olimpiya mükafatçısı qeyd edib: “Heç bir rəqibimi aşağılamaq istəmirəm, finalda məğlub olduğum rəqibimə revanş gözü ilə baxmıram. Bizim onunla görüşlərimizdə 11 dəfə mən, 5 dəfə isə o qalib gəlib. Bu, revanş sayılmır. Amma bu günə qədər o tatamidə rəqibim idisə, bundan sonra düşmənimdir”.

Xatırladaq ki, 75 kiloqram çəki dərəcəsində yarışların finalında təmsilçimiz italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzub. Bununla da Rafael Ağayev Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.