İQTİSADİYYAT
Ölkədən 10.000 ABŞ dolları ekvivalentinədək olan xarici valyuta çıxarılarkən vergi tutulmur
Bakı, 15 sentyabr, AZƏRTAC
Ölkədən 1000 dollardan çox pul çıxaran hüquqi və fiziki şəxslərdən nə qədər vergi tutulur?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın bu sualına cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq olunmuş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Bundan başqa, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50.000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.