REGİONLAR
Ölkəmiz dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə İncəsənət fakültəsinin sərgi salonunda dekorativ, rəngkarlıq, qrafika, tətbiqi sənət nümunələrinin əks olunduğu sərgiyə baxış olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru Elbrus İsayev çıxışı edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirən rektor vurğulayıb ki, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsində son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir.
Bildirilib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.
Ali təhsil müəssisəsində kadr hazırlığının həyata keçirilməsində müəllimlərin əvəzsiz rolundan söz açan Elbrus İsayev əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışında vurğulayıb ki, muxtar respublikada müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Əziz Qasımov müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını bildirib.
Müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandıran Mətbuat tarixi ixtisası üzrə I kurs magistrant Muxtar Rzazadə müəllim adının bütün zamanlarda uca və müqəddəs sayıldığını vurğulayıb. O, müəllim adının şərəfini daima yüksək tutduğuna, ölkəmizin inkişafı naminə hazırlıqlı kadrlar yetişdirdiyinə görə bütün müəllimlərə minnətdarlıq edib.
Tələbələrin bədii qiraəti, ifa olunan musiqi nömrələri alqışlarla qarşılanıb.