REGİONLAR
Ölkəmizdə qanunçuluğun, insan azadlıqlarının təmin olunduğu vətəndaş cəmiyyəti yaradılıb
Tərtər, 1 oktyabr, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar nəticəsində qanunçuluğun, insan azadlıqlarının hərtərəfli təmin edildiyi vətəndaş cəmiyyəti yaradılıb. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
AZƏRTAC xəbər verir ki, bu fikir Tərtər rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, çətin və şərəfli bir yol keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərirlər.
Rayon prokuroru Şıxəli Alməmmədov, hərbi prokuror Fuad Məmmədov, polis şöbəsinin rəisi Rauf Məcidov və başqaları çıxış edərək, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.