CƏMİYYƏT
Ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür
Bakı, 29 iyul, Səadət Hakıyeva, AZƏRTAC
İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında videoformatda keçirilən müşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunub, çatışmazlıqlar qeyd edilərək çıxış̧ yolları barədə müzakirələr aparılıb. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev məsələnin operativ şəkildə həllini tapması üçün iyulun 27-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın Tədbirlər Planına 2 saylı Əlavədə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunub. Qənirə Paşayeva bu siyahıda Zəyəmçay su anbarının da nəzərdə tutulmasına görə seçiciləri adından məmnunluqlarını ifadə edib. O bildirib: “Zəyəmçay su anbarı Milli Məclisdə təmsil olunduğum Tovuzun və digər yaxın rayonların su ehtiyacını ödəmək, kənd təsərrüfatının inkişafı, xüsusilə əkin sahələrinin suvarılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin bu Sərəncamı məqsədyönlülüyü, həyati vacibliyi ilə diqqət çəkir”.
Dövlətimizin başçısına minnətdarlığını ifadə edən deputat vurğulayıb ki, Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də xalqın ehtiyaclarına, vətəndaşların narahatlığına səbəb olan problemlərə dərhal münasibət bildirdi. Bu münasibət dövlətimizin başçısının imzaladığı sənədlərlə öz yüksək və konkret hüquqi həllini tapır”.