REGİONLAR
“Ölkəmizi tanıyaq”: məktəblilər cənub bölgəsindən zəngin təəssüratlarla ayrılıblar
Lənkəran, 18 mart, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb.
Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, bölgələrimizin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Quba, Xaçmaz, Qusar, Yevlax, Ucar, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəbliləri və onların müəllimləri martın 18-də Lənkəran şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılan humanitar aksiyanın iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.