REGİONLAR
Ölkənin ilk uşaq televiziyası “ARB Günəş” 7 yaşında VİDEO
Xaçmaz, 1 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 7 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ARB Günəş” televiziyasının yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub.
“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki, telekanalda indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir. “Xəbərdar ol”, “Mərcangildə”, “Çərpələng”, “Biz nə fikirləşirik”, “Təbiət və biz”, “Yuxunuz şirin olsun” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.
Azərbaycanın kiçikyaşlı tamaşaçılarına “Qarabağ Azərbaycandır” həftəlik proqramında artıq yenidən bizim olan qədim torpaqlarımızın təbiəti, gözəllikləri, abidələri, görkəmli şəxsiyyətləri barədə məlumatlar müntəzəm təqdim edilir. Şanlı Ordumuzun qazandığı tarixi Qələbəmiz balaca tamaşaçılarımıza “Zəfər tariximizi birlikdə öyrənək” şüarı ilə təlqin olunur.
Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb.
“ARB Günəş”in eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən “Gözləri ilə danışan mələklər” adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb. Layihənin məqsədi bu qəbildən olan uşaqların cəmiyyətdə özünəlayiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltməkdir. Sosial əhəmiyyət daşıyan ekran işi xüsusi qayğıya ehtiyac duyan uşaqların gündəlik həyatda - ailə və cəmiyyət içində yaşadığı problemləri gündəmdə saxlamağa xidmət edir.
Pandemiya zamanı ölkə məktəblilərinin təhsilini distant formada davam etdirməsi şəraitində teledərslər “ARB Günəş” televiziyasında yayımlanıb. Bundan başqa, telekanal tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həftəlik “Təbiət və biz” verilişi hazırlanır.
Türkiyədə keçirilən “Beynəlxalq Uşaq Mediası konfransı”nda ölkəmizi davamlı olaraq “ARB Günəş” təmsil edir.
“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür.