İQTİSADİYYAT
Ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistemin tətbiqinə başlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası”na əsasən, noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistem tətbiq olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şəxsi istifadə məqsədilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə toplu halında ölkəyə gətirilən mobil cihazların hər birinin IMEI nömrəsinin qeydiyyatı isə 20 qəpikdir.
Qeydiyyat prosedurunun operativliyini təmin etmək üçün şəxsi istifadəçilərin gətirdikləri mobil cihazların qeydiyyatı www.e-gov.az və www.imei.az saytları vasitəsilə, eləcə də poçt şöbələri tərəfindən aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılıb və 24 saat müddətinə həyata keçirilir.
Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə, yaxud www.imei.az saytı vasitəsilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.