CƏMİYYƏT
Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin İşçi Qrupuna üzv seçilib
Bakı, 19 noyabr, AZƏRTAC
Ombudsman Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin 2018-2021-ci illər üçün Strateji Planına uyğun olaraq yaradılmış Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupunun Brüssel şəhərində təşkil olunmuş ilk iclasında iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa ölkələrinin ombudsmanlarının nümayəndələri iştirak edib, gələcək fəaliyyət perspektivləri barədə müzakirələr aparıblar.
T.Cahangirova iclasın proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsinə dair ölkəmizdə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində İşçi Qrupun sədri və üzvləri seçilib. Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova həmin qrupun tərkibinə daxil edilib.